1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti eyni zamanda müsəlman şərqində ilk parlamentli respublika olmuşdur. 1920-ci il aprelin 28-də SSRİ-nin tərkibinə müttəfiq respublika statusunda daxil olsa da, əslində müstəmləkə olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etmişdir.
SSRİ dağıldıqdan sonra Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürərək, başladığı geniş miqyaslı hərbi əməliyyatları nəticəsində Azərbaycanın 17 min kvadrat kilometrdən çox (20 faiz) torpağını işğal etmişdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi regionda vəziyyəti kökündən dəyişdi, nəinki Azərbaycan, bütöv bir xalq məhv olmaq təhlükəsindən qurtuldu. Ulu öndər o dövrdə həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter almış, milli iqtisadiyyatın inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. |
|
Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan MR ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunsa da, lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etməsindən sonra son illərdə muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir.
Bildiyimiz kimi, Azərbaycan – mədən suları ilə zəngin ölkələrdən biridir və mədən sularının çoxluğu və müxtəlifliyinə görə özünə məxsus görkəmli yer tutur. Həmin mədən sularının bir neçəsi də dünyada mineral suların təbii muzeyi kimi tanınan və Azərbaycanın bir parçası olan Naxçıvanda yerləşir. Bu sulardan da ən məşhuru olan Sirab mineral su yatağı Naxçıvan MR-nın Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir.
Qədim zamanlardan indiyədək Sirabdan həm içmək, həm də müalicə məqsədləri üçün istifadə olunmuşdur. XX əsrin 50-ci illərindən etibarən isə “Sirab” mineral su yatağından sənaye üsulu ilə istifadəyə başlanmışdır. “Sirab” mineral su zavodu keçmişdə Naxçıvan MR-nin və Azərbaycan SSR-in iqtisadiyyatında öz əhəmiyyətinə və tərkibinə görə mühüm yer tuturdu. Lakin Sovet İttifaqının dağılması ilə əlaqədar müəssisələrin iqtisadi əlaqələrinin pozulması nəticəsində “Sirab” zavodunun da istehsal gücü çox sürətlə aşağı düşdü. Lakin dahi ümummilli liderimiz Heydər Əliyev cənablarının, onun oğlu cənab prezident İlham Əliyevin və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sahibkarlığın inkişaf etdirilməsi üçün sərf etdikləri böyük əməyin nəticəsində “Sirab” mineral su zavodu 2003-cü ildə Açıq Səhmdar Cəmiyyətinə çevirildi və zavodda yenidənqurma işləri aparılmağa başlandı. Burada sex binası, inzibati bina, köməkçi sexlər təmir və ya bərpa edildi. Babək “Sirab” ASC bir sıra Avropa firmaları ilə əlaqə yaradaraq yeni, müasir avadanlıqlar aldı. Və hazırda zavodda artıq çoxdan ölkə sərhədlərini aşmış dünya standartlarına uyğun keyfiyyətli məhsul istehsal olunur. Hər keçən gün “Sirab” tanınma və sevilmə arealını daha da böyütməkdə, fəthlərinin sırasına yeni-yeni ölkələr qatmaqdadır. |
|